İmam Hüseynə (ə) əzadarlığın hökmləri
Möhtərəm saray mollasının fətvası: Küçədə çığırmaq, bağırmaq, səs-küy salmaq olmaz. Şəriətə uyğun deyil! (qafqazinfo.az)
1400 ilə yaxın tarixi keçmişi olan, bütün əhli-beytin (ə), böyük din
alimlərinin keçirdikləri imam Hüseyn (ə) əzadarlığı, bu mollanın dilində
çığır-bağır, səs-küy salmaq adlanır. Özü də qadağan olunmuş səs-küy.
Bütün din alimlərinin nəzərində şəriətin icazə verdiyi və hətta təkid
etdiyi bu əzadarlığa şəriət adından çıxış edən mollanın nəzərincə şəriət
icazə vermir. Aşağıda gətirəcəyimiz şəriət alimlərinin əzadarlığı təkid
etdiklərini gətirəcəyik. Ondan qabaq bir məsələni bilmək istərdim. Əgər
bizim şəriətimiz icazə veribsə, saray mollasının şəriəti hansı
şəriətdir?!
Bildiyimiz kimi Azərbaycanda həmişə normal zəncir və sinə vurmaq,
mərsiyyə və rövzə oxumaq olub və bu məsələdə heç vaxt təfrit olmayıb.
Bəs onda hansı sinə və zəncir vurmaq qadağan olunur, mollanın
fətvasında? Bəlkə fətva Aşura günü Hindistan və Pakistandan gələ bilməsi
və əzadarlıq məsələsində təfritə yol verəcəyi ehtimal olunan qonaqlara
aid imiş.
Nə vaxtdan imam Hüseynin (ə) məzlumluğuna ağlayıb, "məzlum ölən Hüseynim vay" demək, çığırmaq, bağırmaq olub?
Sözsüz ki, Allah və Onun Quranını başa düşən orada deyilənlərə əməl
etməli "Allah şüarları"nı əziz tutmalıdır. İmam Hüseynə (ə) əzadarlıq
etmək, Allahın Quranda buyurduğu "Allahın şüarları" əmrinə itaət etmək
və əsil Allah və imam Hüseyn (ə) istəyən kimidir.
Bu fətvanı verəndə bir neçə nöqtəyə diqqət etməli idi saray mollası:
1. Bakının mərkəzi yerlərində konsertlər, ağır xərclər bahasına yeni
illər təşkil olunanda, səs-küy şəhəri bütünlüklə öz başına götürəndə,
açıq-aşkar fəsadın olduğunu, dinin kəskin qadağan etdiyini bilirdimi?
Əgər bilirdisə, ən azından bu barədə fətva yox, öz ibtidai vəzifəsini
yerinə yetirərək yumşaq dillə nəhy əz münkər edibmi? Yoxsa bu onun
şəriətində halal və bəlkə də müstəhəb sayılıb.
Eurovision barədə nəzərini nə idi? Açıqlamadı. Buna dözə bilməzdi.
Mütləq fətva verib, amma mətbuatda ola bilsin yer almayıb. Ona görə də
onu qınamıram.
2. Ölkədə pasportda və məktəblərdə dinin ən zəruri bir məsələsi olan
hicab qadağan olanda, məscidlər söküləndə, islamçılar əsassız
ittihamlarla zindana yollananda, etirazçıların başına dubinka ilə vurub,
qan partladılanda hansı fətvanı verdi. Bəlkə bu işlər onun şəriətində
doğru və icazəli imiş. Amma bu qədər bilirəm ki, bizim şəriətimiz olan
İslamda belə deyil.
3. Şəriət adından fətva verəndə şəriətə bir müraciət edibmi? Şəriətin bu
barədə nəzərini öyrənibmi? Axı şəriət hökmünü ələ gətirmək üçün bizim
İslamın qayda-qanunları vardır. Fətva üçün əvvəl İslam mətnlərinə
müraciət etmək lazımdır. Ondan kənara çıxmaq olmaz. Əlbəttə, əgər bizim
şəriətdə olub, ona əsasən, fətva veribsə?
Ən azından alimlərin bu barədəki nəzərlərinə bir baxaydı.
Bundan artıq heç nə demək istəmirəm. Söz-sözü çəkir, saray mollasının
şəriətimizdən uzaq əməlləri yada düşür. Bu da bizim məqalə üçün ayrılmış
həcmdən kənara çıxır. Ona görə də mömin bacı-qardaşlarımızın, Hüseyn
(ə) aşiqlərinin, Allah şüarlarını əziz tutanların əzadarlıq barədə çoxlu
suallarını nəzərə alaraq, şəriət alimlərinin fətvası ilə
kifayətlənirik.
Şiə aləminin böyük təqlid mərcəsi, öz dövründə Nəcəf Elm Dairəsinin
rəhbəri, öz dərin fiqh və üsul kitabları ilə seçilən, müctəhidlər ustadı
həzrət Ayətullah Naini (rh), imam Hüseynə (ə) ənənəvi əzadarlıq haqda
ətraflı fətva vermişdir və böyük alimlər, təqlid mərcələri, fəqihlər onu
təsdiqləyərək imzalamış və öz nəzərlərinin də həmin fətva ilə yuğun
olduğunu bildiriblər.
Fətvanın mətni aşağıdakı kimidir:
Bismillahir-rəhmanir-rəhim
Aydındır ki, əzadarlıq heyət və dəstələrinin 10 gün Aşurada (Məhərrəm
ayının birinci 10 günü) küçə və xiyabanlara çıxarılması, heç bir şübhə
olmadan icazəlidir və üstünlüyü vardır. (Bu əməl) Şəhidlər sərvəri və
Kərbəla şəhidinə olan əzadarlığın ən bariz nümunəsidir. Eləcə də imam
Hüseyn ibn Əlinin (ə) ali hədəfinin təbliği, Quranın və mübin İslam
dininin yaxın və uzaqlara tərvicidir. Lakin, gərək bu böyük şüar və ayin
avaz oxumaq, eyş-işrət alətlərinin istifadəsi, dava-dalaş kimi bütün
haramlardan uzaq olsun. Əgər bəzən belə bir haramlar bəzi əzadarlıq
heyətləri arasında olsa, onların haramlığı imam Hüseyn (ə) əzadarlığına
sirayət etmir.
Sinə vurmağın, əl ilə üzə vurmağın hətta, sinə və üz qızarsa və qaralsa
belə icazəli olmasında heç bir irad yoxdur. Allah onları (əzadarlıq edən
dəstələri, əzadarlıq məqsədilə sinə vuranları, üzlərinə vuranları)
dünya və axirətdə sabit saxlasın.
Zahirən oxşatma və təmsil (şəbihçıxarma) də icazəlidir. Amma gərək
şəbihxani və əzadarlıqda hər növ şəri haramdan uzaq olsunlar. Əgər
təsadüfən harama düçür olsalar, bu, əzadarlığın əslinə zərər yetirmir.
Necə ki, qabaqda dedik: hüseyniyyə və heyətlərdə, bəzən də əzadarlıq
mərasimlərində istifadə olunan təbil, sənc (ingiliscə:Cymbal), şeypurun
(hökmünün) həqiqəti bizim üçün kəşf olmayıb. Əgər onun istifadə olunması
imam Hüseyn (ə) əzasının bərpası və əzadarlığın camaata elamı üçün olsa
(bəzi ərəbi rövzə və heyətlərdə adət olduğu kimi), necə ki,
Nəcəfül-əşrəfdə bizim də aramızda tanınmışdır, bəs zahirən onun
istifadəsi icazəlidir. Allah alimdir.
İndi isə şiə aləminin böyük alimlərinin bəzilərinin bu fətvanı
dəstəkləməsinə və öz nəzərlərinin də onunla müvafiq olmalarına diqqət
edək:
Həzrət Ayətullah Xoyinin fətvası: Allahın adı ilə. Bizim şeyximiz, ustad
həzrət Ayətullah Naininin (rh) Bəsrə əhalisinə cavablarında
buyurduqları düzgündür və ona əməl etmək iradsızdır. Allah Təbarək və
Taaladan istəyirəm ki, mömin qardaşlara dini ayin və şüarları qeyd
etməkdə və haramlardan uzaq olmaqda kömək etsin.
Həzrət Ayətullah Seyid Abdullah Şirazinin fətvası: Bəli, Nəcəfi-əşrəfdə
olduğum vaxt müəzzəmün ləhin (Ayətullah Naini) Bəsrə əhalisinə
cavablarında buyurduqları risalə nəşr oldu və böyük alimlər hamısı onu
təsdiq etdilər. Həqirin də nəzərində təsdiq olunmuş və düzgündür. Allah
alimdir.
Həzrət Ayətullah Şeyx Hüseyn Vəhid Xorasaninin fətvası: Allahın adı ilə.
Həzrət Ayətullah Naininin (rh) imam Hüseynin (ə) şüar və ayinləri
barədəki məktubunu (yazılı fətvası) təsdiq edirəm.
Həzrət Ayətullah Seyid Əli Sistaninin fətvası: Allahın adı ilə. Həzrət
Əba Əbdillah Hüseynə (ə) əzadarlıq nümunələri savablıdır və buna
(əzadarlığa) rəğbət təkid olunmuşdur. Bununla yanaşı əhli-beytə (ə)
əzadarlıq barədə keçmiş saleh dindarların bizə gəlib çatan sirəsindən üz
döndərmək, ona əməl etməmək bəyənilmir.
Həzrət Ayətullah Mirzə Cavad Təbrizinin fətvası:
Bismillahir-rəhmanir-rəhim. Həzrət Ayətullah Naininin (rh) yazdığı və
mənim diqqətimə çatdırılmış cavab dəqiqdir və ona əməl etməyin maneəsi
yoxdur.
Həzrət Ayətullah Nəcəfi Mərəşinin fətvası: Şiənin ən böyük alimlərindən
olan mərhum və məğfur ustad Naininin cavabı düzgün və həqiqətə uyğundur.
Həzrət Ayətullah Şeyx Mürtəza Hairinin fətvası: Allahın adı ilə. Böyük
alim, fəqih və müctəhidlərin ustadı mərhum Naininin buyurduğu cavaba
itaət etmək lazımdır. Bu cavab həm onun müasirləri olan alimlərin və həm
ondan sonrakı təbəqənin alimlərinin, eləcə də mənim tərəfimdən təsdiq
edilmişdir.
Müsəlmanların və din qardaşların bu fətvanın dəlilləri ilə müxtəsər
tanış olmaları üçün Əllamə Məclisinin "Bihar əl-ənvar" kitabını mütaliə
etmələrini tövsiyə edirəm. "Bihar əl-ənvar"ın onuncu cildinin təkcə "Əba
Əbdillah Hüseyn (ə) və digər imamlara ağlamaq" babında əlliyə yaxın
rəvayət nəql olunubdur. Qeyd olunan rəvayətlərdən bu adət-ənənəyə təkid
olunması istifadə olunur. Əlbəttə, bu adət-ənənənin müqəddimələrindən
olan rövzə oxumaq, əza məclisləri təşkil etmək və s. kimi işlr şəri
müstəhəblərdəndir.
Həzrət Ayətullah Seyid Rza Sədrin fətvası: Allahın adı ilə. O böyük
alimin (Ayətullah Naininin) yazdığı təsdiq edilməkdən daha ucadır və
bütün böyük alim və müctəhidlər tərəfindən qəbul edilir.
Həzrət Ayətullah Seyid Sadiq Şirazinin fətvası: Allahın adı ilə. Mərhum
ustad Naininin buyurduğu cavab düzgündür, ona əməl edənlərin savabı
vardır və doğru yoldadırlar.
Həzrət Ayətullah Şeyx Rza Mədəni Kaşani: Allahın adı ilə. Əba Əbdillah
Hüseynə (ruhumuz ona fəda olsun) əzadarlıq, məzhəbi şüarlardandır və
hatta ən mühüm vaciblərdəndir. Xüsusilə də şiə məzhəbinin şüar və
ayinləri ilə müxalifətin artdığı indiki zamanda. O həzrətə əzadarlıq hər
cür olsa, sinə vurmaq, zəncir vurmaq və s. kimi maneəsi yoxdur. Necə
ki, böyük ustad mərhum Naini (Allah onun şərəfli məqamını uca etsin)
cavab veriblər.
Həmçinin, bu fətva digər təqliq mərcələri tərəfindən təsdiq edlimidir və
biz bu kiçik məqalədə onları zikr etməyə macal tapmadıq.
Sonda saray mollasına və onun simasında olan bütün mollalara üz tutub
deyirəm ki, Məhərrəm ayı fürsətdir ki, Hüseynin (ə) mənalı kitabını
səhifələyəsiniz və qiyamının hədəfləri ilə tanış olasınız, onun
nəsihətlərinə bir daha diqqət edəsiniz.
İmam Hüseyn (ə) buyurur: "Görürsünüz ki, necə zaman bizə üz gətirib,
dünya dəyişərək pisliklərə tərəf üz tutub. Yaxşılıqlar və dəyərlər hər
gün azalır... Görmürsünüz ki, haqla rəftar olunmur və batilin qarşısı
alınmır? Belə şəraitdə möminlər haqq yolu tutmalı və Allahla görüşə
meylli olmalıdırlar".
Yenə buyurur: "Hər kəs xalq ondan inciyəcəyinə baxmayaraq, Allahın
razılığını istəsə, Allah ona kifayət edər. Hər kəs Allahın ona
qəzəblənəcəyinə baxmayaraq, xalqın razılığını istəsə, Allah onu xalqın
öhdəsinə buraxar".