|
Əvvəllər satqınlara "get başına ləçək bağla" deyərdilər, indi isə "kişinin" başına yaylıq bağlaması "imic" sayılır
|
|
Bu yaxınlarda ANS-in "Günəbaxan" verilişində
bir hicablının danışdığını gördüm. Söhbətin nədən getdiyini anlamaq
üçün dayandım. Və elə bir şeyin şahidi oldum ki, bilmədim, güləm, ya
ağlayam. Bu hicablı şəxs... "kişi" imiş. Onun şəxsiyyəti ilə işim
yoxdur, çünki bu elə bir məsələlərdəndir ki, Allah qarşısında hər kəs
özü cavab verməlidir. Məni narahat edən başına hicab bağlayaraq, bunu
"imic" adlandırması idi. Çünki bu, yuxarıdakından fərqli olaraq təkcə
şəxsin özünə yox, ətrafına da təsir göstərir. Özünü stilist adlandıran
Samir adlı bu kəsin məqsədinin isə sadəcə gəncliyi öz gününə salmaq
olduğunu söyləsək, yəqin yanılmarıq.

Gənclik - cəmiyyətin güc mənbəyi və gələcəyimizi təmin edən ilahi bir
əmanətdir. Ədəbli və tərbiyəli bir gəncliyə sahib olan millət sabaha
ümidlə baxar.
Dövlətimizə, millətimizə, dinimizə düşmən olanlar isə bu neməti əlimizdən almağa çalışırlar. Özü də aram-aram.
Əvvəllər Azərbaycan gəncliyi öz mərifəti ilə hamı tərəfindən tanınırdı.
Hətta ateist sovet hökuməti belə, bunu əlimizdən ala bilmədi.
Yadımdadır, deyirdilər ki, keçmiş Sovet məkanında avtobusda, yaxud
metroda kimsə durub yaşlılara, xanımlara, əliuşaqlılara yer versəydi,
hamı bu şəxsin azərbaycanlı olduğunu anlayırdı. Düşmənlərin birinci
addımı bu mənəvi zənginliyi əlimizdən almaq oldu. Xanımlara yer
verməməyin təbliğatı başlanıldı, deyildi ki, "gender bərabərliyidir".
Bunun ardınca qocalar görməməzliyə vuruldu: gənclər ya gözlərini yumaraq
iPad-dakı musiqiyə qulaq asır, ya da başını dizinə birləşdirərək,
telefonla oynayır.
Bunun ardınca küçədə nəsə alıb yemək dəbə düşdü. Atam həmişə evə kağız
torbada ərzaq alardı ki, birdən məhlədə kimsə görər, ancaq almağa imkanı
olmaz. İndi isə gənclər dönərin mayonezi damlada-damlada yeyərək, əlini
pul üçün uzadan, gözü isə isti çörəyin arasından görünən yağlı ət
tiklərində qalan dilənçiyə əxlaq dərsi keçir, "get işlə, pul qazan. Mən
sənə pul versəm, tənbəl öyrədərəm, elə həmişə əlini açarsan", - deyir.
Bu yerdə Lev Tolstoyun sözü yadıma düşdü: "Hər kəs insanlığı
dəyişdirməyi düşünür, amma heç kim əvvəl özünü dəyişdirməyi düşünmür".
Deyəsən söhbətdən uzaqlaşdım axı... Nə isə dövlət, din düşmənləri bu
dəfə namus məsələsini insanların beyinlərindən uzaqlaşdırmağa
başladılar. Məktəbdə uşaqlar bayram tədbiri keçirərək, 10 il bir yerdə
oxuduqları "qardaşlarının" təkidi ilə ilk içkinin dadına baxdılar, sonra
rəqsə başladılar, arxası isə bir çox hallarda faciə ilə bitdi. İndi
bəziləri deyəcək ifrata varıram, yadınıza salım ki, 2000-ci illərin
əvvəllərində Masallıda "son zəng" tədbirindən sonra 10-dan çox qız özünü
asmışdı.
Yaxud da rayondan valideyninin qəpik-qəpik yığaraq böyütdüyü, sonra
oxumaq üçün Bakıya göndərdiyi övladları uzağı bir aydan sonra
universitetdən qayıdanda yollarını bardan salırlar.
Bəli, gənclərimiz həqiqi elm, sənət, din və əxlaq mədəniyyətindən məhrum
buraxılaraq, nəfsi istəklərin və mənəvi böhranların düyünləri arasına
qalıblar. Bu gün elm, inam, sevgi öz yerini xəyal, xəyanət, bəzən də
ruh düşkünlüyünə verib. Artıq gənclərimiz xoşbəxtliyi çox fərqli
istiqamətlərdə mənalandırmağa başlayıblar. Onlar üçün pul, şöhrət, mövqe
və nəfsi istəklər hüdudsuz səadətin tək yolu kimi görünür.
O gün mənə əziz olan bir xanım daha bir məsələnin incəliyindən danışdı.
Deyir əsgərlik çağı oğlanların ən pis yaş dövrüdür. Bu elə bir zamandır
ki, onlar tər ağaca bənzəyir və hansı tərəfi istəsən əyilər. Uşaqlarımız
hərbi xidmətdə komandirləri tərəfindən təhqir olunur və məcbur edilir
ki, bu məsələ sükutla qarşılansın. İş o yerə çatıb ki, hamı ata-ana
söyüşünü laqeydliklə qarşılayır. Bu isə qeyrətsizliyə gətirir. Sabah
xidmətdən qayıdan uşağın anasının yaylığına, bacısının namusuna
sataşdıqda buna laqeyd yanaşır. Bəli, gəncliyimiz məchulluğa,
ümidsizliyə doğru gedir. Hamı isə susur.
Əvvəllər satqınlara "get başına ləçək bağla" deyərdilər, indi isə "kişinin" başına yaylıq bağlaması "imic" sayılır.
Vallah, artıq Yer də insan qiyafəsindəki məxluqların bu hərəkətinə
dözmür, onları zəlzələlərlə silkələyir, üzünə leysanlarla su vurur ki,
ayılsın, amma nə fayda...
Dövlət düşmənləri isə bu həqiqəti görən həqiqi insanların timsalında
Hacı Mövsümləri, Hacı Vaqifləri, Hacı Fəramizləri... susdurmaq üçün
onları zindanlara atır, dalıyca da əlinin dodağının üstünə qoyub
rəhmətlik Mirzə Sabirin şeirini deyir:
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın... |
|