şahidi olduğu diktatura və totalitarizm kabusunun nəticəsi kimi
ərsəyə gəlib. İnsanların azad, sərbəst yaşamaq arzusu ilə. Vətəndaşların
cəmiyyətdə öz şəxsiyyətini sərbəst şəkildə ifadə etmək, cəmiyyəti
təhdid edən problemlərin həllində əl-ələ verib birlikdə fəaliyyət
göstərmək, vətəndaş təşəbbüslərini rəhbər tutmaq amalı ilə...
Ötən əsrimizdə dünyanı cənginə almış faşizm və kommunizm kabusu
nəticəsində vətəndaş cəmiyyətinin zəruriliyi xüsusi əhəmiyyət kəsb etdi.
Bu rejimlərin hər ikisi ictimai təsisatları - ictimai birliklər,
fondlar, həmkarlar ittifaqları, dini qurumlar, vətəndaşların təşəbbüs
qrupları, hətta kiçik dərnəkləri də daim öz nəzarəti altında saxlamaq,
onların sərbəst fəaliyyətini məhdudlaşdırmaq niyyətində olub. Bu
rejimlərin nüfuz dairəsində olan cəmiyyətlər isə on illər boyu
totalitarizmdən yaxa qurtarıb sərbəst fəaliyyət göstərmək arzusu ilə
yaşayıb.
Vətəndaş cəmiyyətinin labüdlüyü sözü gedən toplumlar üçün xüsusilə
aktual olub. Belə ki, vətəndaş cəmiyyəti məfhumu iki aspektdən
insanların cəmiyyətdə sərbəst fəaliyyəti üçün ən etibarlı təminatçı
qismində çıxış edir. Əvvəla, vətəndaş cəmiyyətində dövlət orqanlarının
ictimai fəaliyyəti nəzarətdə saxlama, insan həyatının müxtəlif
sahələrinə, o cümlədən şəxsi həyata təsir və müdaxilə etmə və onu öz
iradəsiylə yönəltmə imkanı məhdudlaşdırılır. İkincisi isə cəmiyyətdə
müstəqil təsisat və ictimai birliklərin, vətəndaş təşəbbüsü ilə
formalaşan müxtəlif profilli qurumların mövcud olması və həmin
təsisatlar çərçivəsində insanların öz problemlərini həll etmək üçün
birgə fəaliyyət göstərmələri təmin olunur. Bununla da vətəndaş cəmiyyəti
insan haqlarının təminatçısı qismində çıxış edir.
Vətəndaş cəmiyyəti cəmiyyətin bütün üzvləri kimi, inanclı
vətəndaşların da arzusudur. Elə bir cəmiyyət ki, orada hər bir vətəndaş
kimi onların da bütün haqq və hüquqları təmin olunsun, onlar da
konstitusiyada təsbit edildiyi kimi, öz inanclarını sərbəst ifadə edə
bilsinlər, əqidələrinə uyğun sərbəst yaşasınlar. Elə bir cəmiyyət ki,
orada, məsələn, heç kəs onları hicablı olduğundan təhsil haqqından
məhrum etməsin, bu səbəbdən işdən qovmasın, onlar öz gündəlik hicablı
görkəmlərində şəxsiyyət vəsiqəsi ala bilsinlər, dini ayinlərini yerinə
yetirmək üçün, dua mərasimi təşkil etmək üçün, yaxud əlinə qələm alıb
dini görüşlərini ifadə etməklə kitab ərsəyə gətirmək üçün kimlərdənsə
xüsusi icazə almasınlar, etiqad məsələsində bürokratik əngəllə
üzləşməsinlər və s.
İstənilən cəmiyyətin inkişaf və təkamül yоlu məhz insanların
azadlığından keçir. İnkişafın dinamikası şəxsiyyət azadlıqlarının nə
dərəcədə təmin olunması ilə bilavasitə bağlıdır. Fərd və cəmiyyət
bir-biri ilə sıx əlaqəlidir. Bu baxımdan da şəxsiyyətin cəmiyyətdəki
azadlıq prоblеmi daim diqqət mərkəzində olmalıdır. Fərdləri azad olmayan
cəmiyyət azad cəmiyyət hesab edilə bilməz. Cəmiyyətdə şəxsiyyətin
azadlığı yalnız həmin cəmiyyətin ümumi maraqları ilə məhdudlaşdırıla
bilər. Hər bir insan özü-özlüyündə fərddir və оnun maraqları və
istəkləri bəzən cəmiyyətin maraqları ilə üst-üstə düşməyə də bilər.
Bеlədə fərd cəmiyyətin qəbul еtdiyi nоrmaları pоzmamaq üçün şəxsi
istəklərini məhdudlaşdırmalıdır. Bu, normaldır və cəmiyyətin sabitliyi
və inkişafı baxımından labüddür. Lakin əgər fərdin hərəkətləri
cəmiyyətin ümumi maraqlarına zidd deyilsə, bu hərəkətlərdə qanunazidd,
cinayət tərkibli bir əməl yoxdursa, o halda onun məhdudlaşdırılması
yolverilməzdir. Əlbəttə, bütün digər hərəkətlər kimi dini etiqad və ya
əqidə də hüquq pozuntusuna bəraət qazandırmır ki, bu da
konstitusiyamızda təsbit edilib.
Qısası budur ki, hər hansı konkret bir şəxs və ya qrup qeyri-qanuni
və zorakı əməllə məşğul olmursa, ictimai asayişi pozmursa, vətəndaşın
hüquqları məhdudlaşdırılmamalıdır. Bu, din və vicdan azadlığı haqqına da
aiddir.
Din – İlahiyə inam və bu inam əsasında qurulan həyat tərzidir. Din və
vicdan azadlığının təmin olunması həm insanın inancı, həm də öz həyat
tərzini bu inanca uyğun qurmasındakı sərbəstliyilə şərtlənir. İnanc –
şüura, qəlbə, ruha aid bir məsələdir. Buna görə də hеç kəsi hansısa bir
əqidəni qəbul еtməyə və ya еtməməyə məcbur еtmək оlmaz. Hər bir insanın
əqidəsi оnun düşüncə və qəlbindədir. Heç kəsin onun daxili aləminə
müdaxilə etməyə haqqı yoxdur.
Rəbbimizin buyurduğu kimi, “Dində məcburiyyət yoxdur!”
(“Qurani-Kərim”, 2-ci surənin 256-cı ayəsi). Çünki insanın ruhu, daxili
aləmi məcburiyyət qəbul еtmir. İnanc məsələsində hеç kəsin digərinin
işinə zоrla müdaxilə еtməyə haqqı yоxdur. Bu, insanın şəxsi məsələsidir
və konstitusiyamız da birmənalı оlaraq insanın bu haqqını tanıyır və
dəstəkləyir. İnsanın həyatını öz inancına uyğun qurması da onun
etiqadını ifadə etmə haqqıdır və bu da ölkə Konstitusiyasında təsbit
edilib.
Din, etiqad, vicdan azadlığı ümumi insan haqlarının ayrılmaz
hissəsidir. Ölkəmizdə bu sahə konstitusiya və “Dini etiqad azadlığı
haqqında” qanunla tənzimlənir. Adından da göründüyü kimi, müvafiq
qanunumuz məhz “Dini etiqad azadlığı” adlanır. Yəni söhbət insanların
dinlə bağlı azadlıqlarından gedir, məhdudiyyətlərindən, qadağalarından,
maneələrdən deyil. Deməli, qanun və onunla bağlı bütün digər hüquqi
aktlar tam mənası ilə vətəndaşlarımızın dini etiqad azadlığını təmin
etməlidir. Konstitusiyamızda göstərildiyi kimi.
İnsan haqları və azadlıqlarının, o cümlədən din və vicdan azadlığının
təmin olunması istənilən cəmiyyət və dövlətin ümumi inkişafı baxımından
təməl prinsiplərindəndir. Əgər real həyatda dini etiqad azadlığı
inanclı insanlar üçün dini etiqad məhdudiyyətinə çevrilərsə, o halda
vətəndaşlarımızın konstitusion haqları məhdudlaşmış olar. Belə ki,
Azərbaycan Konstitusiyası tam mənası ilə dini etiqad azadlığını tanıyır
və bütün digər qanunlarımız da əsas qanunumuzun tələblərinə cavab
verməlidir. Konstitusiyamızın “Vicdan azadlığı” adlanan 48-ci maddəsində
göstərilir ki, “Hər kəsin vicdan azadlığı vardır; Hər kəsin dinə
münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya
başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək,
dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ
vardır”. Və davamında aydın şəkildə deyilir: “Dini mərasimlərin yerinə
yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd
deyildirsə, sərbəstdir”.
Konstitusiyanın sərbəst elan etdiyi bir hərəkəti isə heç kəs heç bir
adla qadağan edə bilməz! Hər halda, hüquqi dövlət prinsipi bunu tələb
etməkdədir. Dinlə bağlı bütün qanunvericilik aktları və onların tətbiqi
qaydaları məhz konstitusiyamızın bu tələbini əks etdirməli, bunun
mexanizmini açıqlamalıdır, bu təməl prinsiplərini heç bir vəchlə
məhdudlaşdırmalı deyil. Ölkədə hər kəs öz dini inancını ifadə etməkdə və
yaymaqda sərbəst olmalıdır.
Qeyd etdiyimiz kimi, din və vicdan azadlığı əslində insan haqlarının
ayrılmaz hissəsidir. Əgər vətəndaşın vicdan azadlığı pozulursa, bu artıq
yalnız cəmiyyətin inanclı təbəqəsinin problemi deyil, ümumi insan
haqları problemidir. İnsan haqları pozulan cəmiyyətdə inanclıların da,
digərlərinin də haqları pozulmuş olur. Bu isə cəmiyyətin inkişafının
qarşısını kəsir, hüquqi dövlət anlayışını sarsıdır, dövlətçiliyə mənfi
təsir göstərir və vətəndaş cəmiyyəti quruculuğuna mane olur. Biz
konstitusiyamızda təsbit edilmiş haqları insanlara verməyəcəyiksə, onda
konstitusiyanın mahiyyəti nədən ibarətdir?..
Yersiz və qanunazidd qadağalar hər zaman cəmiyyətdə gərginliyi
artırır, insanları radikallaşdırır və mövcud problemlərin həll edilməsi
əvəzinə, yeni problemlərə yol açır. Cəmiyyətdə gərginliyin artması isə
heç bir dövlətin marağına uyğun deyil. Hər kəs problemləri həll etməyə,
gərginliyi aradan qaldırmağa çalışmalıdır, onu bir az da qızışdırmağa
yox.
İnanclı insanların konstitusion haqlarının pozulması, hər halda,
gərginliyi aradan qaldırmağa xidmət etmir. Toplumun əmin-amanlığı,
rifahı, inkişafı naminə cəmiyyətimizdə barışığa doğru addım atmalı,
insan haqlarını rəhbər tutaraq hətta bizim kimi düşünməyənləri, əqidə
fərqliliklərini qəbul etməliyik. Plüralizmin və barəsində çox
danışdığımız tolerantlığın mənası elə budur. Başqa cür düşünənlərə qara
yaxmamalı, onları kənar qüvvələrə xidmət etməkdə suçlamamalıyıq. Əksinə,
barışıq dili tapmağa səy göstərməliyik.
Qayıdaq yenə vətəndaş cəmiyyəti haqda mülahizələrə. Bir arzu və ümid
ilə. Ayrı-ayrı vətəndaşların və onlardan ibarət müxtəlif qrupların haqq
və hüquqlarının tam təmin edilməsi, vətəndaş təşəbbüslərinin
dəstəklənməsi amalı ilə...
Gəlin əl-ələ verib ölkəmizdə hamımızın rahat yaşamasını təmin edəcək
vətəndaş cəmiyyəti quraq. Öz vətəndaşlarımıza, onların iç dünyalarına,
mənəvi aləmlərinə, dini hisslərinə ehtiramla yanaşaq. Aqressiya tonundan
mehribanlığa, tolerantlığa, səmimiliyə keçək. Konstitusiyada qeyd
edildiyi kimi, ölkədə hər kəs öz dini inancını ifadə etməkdə və yaymaqda
sərbəstdir. Gəlin konstitusiyamızın vətəndaşlara verdiyi bu sərbəstliyi
məhdudlaşdırmayaq! Vətəndaş cəmiyyətinə doğru tam əminliklə...
(mediaforum)